ELMİ FƏALİYYƏTİ

      1965-1972-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsində təhsil alıb.1972-ci ildə ali təhsilini bitirərək, Azərbaycan Elmi Tədqiqat Vərəm İnstitutunda əmək fəaliyyətinə başlayıb, kiçik, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışıb.

      1972-1974-cü illərdə Azəərbaycan Xarici Dillər İnstitutunda iki illik İngilis dili kurslarını “əla” qiymətlə bitirən Əli İnsanov 1974-cü ildə Moskvada SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda aspiranturaya qəbul olunub, 1977-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

     1981-ci ildə isə Moskva şəhərində, həmin institutda akademik A.Q.Xomenkonun klinikasında doktoranturaya qəbul olub.1984-ci ildə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülür.

     1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Moskva şəhərində Əli İnsanova professor elmi adı verilib.

     1985-ci ildən 1993-cü ilədək Azərbaycan Elmi Tədqiqat Ağ ciyər xəstəlikləri institutunun direktoru olub, 1991-ci ildən həm də Azərbaycan Tibb Universitetində Ağ ciyər xəstəlikləri kafedrasında müəllimliyə başlayıb və 1998-ci ildən həmin

kafedranın müdiri olub.

     Əli İnsanov 1993-2005-ci illərdə Azərbaycan Respublikasıının Səhiyyə naziri vəzifəsində çalışıb,

    1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. 1998-ci ildə Sankt-Peterburq şəhərində səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransda təqdim etdiyi “MBD və Şərqi Avropa ölkələrində səhiyyə islahatlı proqramı”na görə xüsusi qızıl medala layiq görülüb, həmin ildə Ümumdünya Səhiyyə Təşkilatının Baş Assambleyasının vitse- prezidenti seçilib.

    2004-cü ildə Avropa qitəsini təmsil etməklə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü seçilib.

    2000-2004-cü illərdə Rusiya Təbiət elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Polşa Tibb Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.

    Ağ ciyər xəstəlikləri üzrə Azərbaycan Respublikasının Baş mütəxəssisi vəzifəsində çalışıb. Əli İnsanov Azərbaycanda ftiziatriya və pulmonoloqiya üzrə elmi məktəb yaradıb. Əli İnsanovun rəhbərliyi ilə 12 doktorluq, 36 namizədlik dissertasiyası müdafiə edilib. O, 15 monoqrafiya, kitab və dərsliyin, 200-dən çox elmi məqalənin müəllifidir. 50-dən çox elmi əsəri xarici ölkələrdə çap edilib.

    Əli İnsanovun müəllifi olduğu 714 səhifəlik “Vərəm” dərslik kitabı 2004-cü ildə Almaniyanın Frankfurt və 2005-ci ildə İspaniyanın paytaxtı Madrid şəhərlərində iki Beynəlxalq Mükafata layiq görülüb. Həmin kitab xarici dillərə tərcümə olunaraq Avropanın ali tibb məktəblərinə dərslik kimi tövsiyyə edilib. 632 səhifəlik “Azərbaycan səhiyyəsinin tarixi “ni ilk dəfə olaraq fundamental şəkildə Əli İnsanov qələmə alıb. Əli İnsanov Amerika, Avropa, MDB və Şərq ölkələrində Elmi Cəmiyyətlərin üzvü seçilib. Onun elmi məruzələri 30-dan çox ölkədə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Çin, Kanada, Almaniya, Türkiyə, İran, Hindistan, Yaponiya, İsrail, İsveçrə, Kuba, İndoneziya, Belçika, Pakistan, Misir, Polşa, Ruminiya, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, Yunanıstan və başqa ölkələrdə maraqla dinlənilib.

     Əli İnsanov Azərbaycanın ilk dərman preparatının “İnsanovin”in və yerli təbii dərman bitkilərindən hazırlanmış “İnsanov bronxolitiki”nin müəllifidir. Həmin dərmanların satışından Azərbaycan Respublikasının dövlət büdcəsinə yüz minlərlə dollar vergi ödəyib. Əli İnsanov Ümumdünya Biotexnoloqlar Elmi Cəmiyyətinin vitse-prezidenti, Vərəm əleyhinə Beynəlxalq İttifaqın və Avropa Respirator Cəmiyyətinin üzvü, “Problemı tuberkuleza” dərgisinin redaksiya heyyətinin üzvü, “Azərbaycan Tibb Jurnalı”nın baş redaktoru olub.