HAQQ ƏDALƏT PARTİYASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEY TƏDBİRLƏRİ KEÇİRİLDİ ! - 09.05.2023

      Azərbaycanda 2023-cü il Heydər Əliyev ili elan olunmuşdur.
2023-cü ilin may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
     Xalqımızın bənzərsiz Lideri, bütün dünyanın Bəşəri Dövlət Xadimi kimi qəbul etdiyi, XX əsrin nadir siyasi xadimlərindən biri, bugünkü suveren Azərbaycan dövlətinin qurucusu, Haqq Ədalət çarçısı olan Heydər Əliyevin 100 illik yubileyini bütün dünya azərbaycanlıları böyük sevgi və təntənə ilə keçirməkdədirlər.
Bu tarixi hadisə ilə bağlı tədbirlər keçirilməsinin vacibliyi barədə Haqq Ədalət Partiyasının şəhər və rayon təşkilatlarından partiyanın Mərkəzi Qərargahına saysız-hesabsız təkliflər daxil olmuşdur. Partiyanın İdarə Heyəti Ulu Öndərin 100 illik yubileyinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və tədbirlər planını təsdiqləmişdir.
   HƏP İdarə Heyətinin üzvləri 2023-cü il may ayının 9-da saat 12-də Fəxri Xiyabana gəlmiş, xalqımızın Lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, məzarı önünə tər qızılgüllər düzmüş, ruhuna dualar oxumuşlar.
   Fəxri Xiyabanda Heydər Əliyevin doğmalarının məzarlarını da ziyarət etmişlər.
Sonra yubiley tədbirləri geniş tərkibdə Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında davam etmişdir.
   HƏP sədri Əli İnsanov uzun illər ərzində öz yaşadığı mənzilin divarından asdığı Heydər Əliyevin gümüşdən hazırlanmış portretini partiyadaşları ilə birlikdə         HƏP-in Mərkəzi Qərargahına gətirmişlər.
Heydər Əliyevin portretini böyük ehtiramla salona gətirən İdarə Heyətinin üzvləri Fərrux Binnətzadə və Murad Bayramoğlu onu divarda ən uca yerdən asmışlar. Bu təntənəli anı tədbirdə iştirak edənlər ayaq üstə alqışlarla qarşılamışlar.
Sonra məclis iştirakçıları xatirələr söyləmiş, Ulu Öndərin şərəfli ömür yolundan danışmış, ölkəmiz və xalqımız üçün gördüyü böyük işləri dilə gətirmişlər.
      Yubiley tədbirində HƏP İdarə Heyətinin üzvləri, HƏP Ali Məclisinin Rəyasət Heyətinin üzvləri, Ali Məclisin 14 Komissiya sədrləri, HƏP-in 8 Respublika Regional Mərkəzlərinin rəhbərləri, Ağsaqqallar Şurasının, Qadınlar Şurasının, Gənclər Təşkilatının, Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəhbərləri, Azsaylı xalqların işləri üzrə HƏP sədrinin müşavirləri, HƏP sədrinin köməkçiləri iştirak etmişlər.