HAQQ ƏDALƏT PARTİYASININ NÖVBƏDƏNKƏNAR (ONLAYN) QURULTAYI KEÇİRİLDİ - 09.12.2023

    Qurultayı giriş sözü ilə açan HƏP Sədri Əli İnsanov "Siyasi partiyalar haqqında" qanunun tələblərinə uyğun olaraq, partiyanın "Nizamnamə və Proqramını" yeni redaksiyada qəbul edilməsinin vacibliyini vurğuladı. "Nizamnamə və Proqramın" ancaq partiyanın Qurultayı tərəfindən qəbul edilməsi səbəbindən HƏP özünün növbədənkənar Qurultayını keçirir.
Bu məsələ ilə bağlı çıxış üçün söz HƏP Mərkəzi İcra Aparatının rəhbəri Əliyar Şirməmmədova verildi.
Onun qısa çıxışından sonra partiyanın Nizamnaməsi ilə bağlı 32 nəfər çıxış etdi və təklif olunan dəyişiklikləri dəstəklədilər.
Qurultayda iştirak edən natiqlərdən başqa öz təklif və dəstəklərini onlayn formada Qurultay iştirakçılarına çatdırmaq üçün Moskva şəhərində yerləşən HƏP Rusiya Regional Mərkəzinin rəhbəri Nəriman Gülmalıyev, HƏP Naxçıvan Şəhər Partiya Təşkilatının sədri Əsgər Məmmədbəyli, HƏP Şəki Rayon Təşkilatının sədri Hacər xanım Maqsudi onlayn çıxış etdilər.
Qurultay iştirakçıları yekdillilklə HƏP-in "Nizamnamə və Proqramının" yeni redaksiyada qəbul olunmasına yekdilliklə səs verdilər.
Gündəlikdəki ikinci məsələ ilə bağlı çıxış edən HƏP Sədri Əli İnsanov qeyd etdi ki, müstəqillik dövründə ilk dəfədir ki, ölkəmizin bütün ərazisində seçki məntəqələri yaradılacaq və azad demokratik seçkilər keçiriləcək. Uzun illər ərzində işğal altında olan torpaqlarımızda erməni separatçılarının xarici havadarlarının köməyi və dəstəyi ilə keçirdikləri saxta seçkiləri hər zaman xalqımız üzüntü ilə qarşılamış və separatçıların bu qanunsuz əməllərinin qarşısını ala bilmədiyimizə görə məyusluq hissi keçirmişdir.
Bu gün isə növbədənkənar Prezident seçkilərinin keçirilməsi insanlar arasında xoş bir bayram əhval-ruhiyyəsi yaradır. Çünki doğma Qarabağımızın hər yerində Dövlət Bayrağımız dalğalanır və Mərkəzi Seçki Komissiyasının yaratdığı məntəqə və dairələrdə Azərbaycan xalqı azad və demokratik şəraitdə seçkilər keçirəcək.
HƏP Sədri Əli İnsanovun keçiriləcək Prezident seçkiləri ilə bağlı ətraflı çıxışını Qurultay iştirakçıları alqışlarla qarşıladı.