AZƏRBAYCAN ÖZ SÖZÜNƏ VƏ İMZASINA HƏMİŞƏ SADİQDİR - 23.01.2023

      Soçi, Praqa, Brüssel və digər məkanlarda Azərbaycan və Ermənistan liderlərinin görüşlərinin mahiyyəti əsasən iki ölkə arasında kommunikasiyaların açılmasını hədəfləyir.
Məqsəd aramızda olan konfliktin həllində kompromisə gedərək sülh müqaviləsi imzalamaqdır.
Lakin münaqişənin həllində çox kövrək və incə detallar mövcuddur.
Məsələn, bəzi QƏRB dövlətləri iki ölkə arasında illərlə uzanan konfliktin qısa müddətdə, lakin yarımçıq həllində maraqlıdır. Çünki, belə olanda özləri tərəfindən münaqişə zonasına göndərmək istədikləri " Sülhməramlı hərbi kontingentin " legitimliyini müəyyənləşdirmək mümkün olur.
İndiki vəziyyətdə isə Rusiyanın Qarabağda yerləşdirdikləri hərbiçilərin statusu legitim deyil, özfəalliyyətdir.
      Münaqişənin həllinə Moskvanın baxışı isə tam fərqlidir.
Ruslar istəyir ki, əvvəlcə iki ölkə arasında delimitasiya, demarkasiya məsələləri həll olunsun, SÜLH müqaviləsinin imzalanması sonraya saxlanılsın.
Göründüyü kimi Qarabağ münaqişəsinin həlli məsələsində həm QƏRB dövlətləri həm də Rusiya bizim yox, öz maraqlarından çıxış edirlər.
Azərbaycan üçün nə QƏRBİN nə də Rusiyanın variantı məqbul sayıla bilməz.
Çünki, xarici ölkələrin təklifi qəbul olunsa, Qarabağda ölkəmiz üçün təhlükəli vəziyyət uzun illər qalacaqdır.
Prezident İlham Əliyev iki ölkə arasında davam edən münaqişəni ölkəmizin xeyrinə həll etmək əzmindədir.
Dövlətimizin başçısı haqlı olaraq Respublikamızın hazırkı ərazisinin Qarabağ daxil, BMT tərəfindən qəbul olunmuş reallığından çıxış edir.
Konfliktin 10 noyabr 2020 - ci il üçtərəfli Moskva BƏYANNAMƏSİNİN şərtlərinə uyğun həll olunmasını tələb edir.
      Bu Bəyannamədə açıq aşkar qeyd olunub ki :
- Rusiya Sülhməramlıları Laçın dəhlizində yerləşdirilir və buna paralel olaraq erməni silahlı dəstələri Qarabağdan çıxarılır ;
- Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirən kommunikasiya xətləri ( Zəngəzur dəhlizi) açılır.
Müşahidələr göstərir ki, həm Azərbaycanın həm də Ermənistanın indiki hökuməti SÜLH müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır.
Əfsuslar olsun ki, Cənubi Qafqazda sülhün, əminamanlığın bərqərar olunmasını bəzi Avropa dövlətləri eləcə də Rusiya istəmir. Onlar bizə aid olan coğrafiyada öz siyasi, iqtisadi maraqlarının təmin olunmasına çalışırlar.
      Təbii ki, prezidentimiz Dövlətimizin və xalqımızın maraqlarına zidd olan bu cür şərtləri qəbul etmir.
Ölkə rəhbəri siyasi iradə nümayiş etdirərək, Soçi, Praqa və Brüssel görüşlərində Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını həm Ermənistana həm də Rusiyaya qəbul etdirmişdir.
İndi bu reallıqlar ortada ola - ola Avropanın bəzi dövlətləri ( xüsüsi ilə : Fransa, Hollandiya ), eləcə də Rusiya Cənubi Qafqazda, konkret olaraq Qarabağda SÜLHÜN bərqərar olmasını əngəlləyirlər.
Rusiya özünün imza atdığı üçtərəfli Moskva BƏYANNAMƏSİNİN şərtlərinə əməl etmir. Silahlı erməni separatçılarını Qarabağdan çıxartmır. Əksinə, xüsusi tapşırıqlarla təlimatlandırdığı Vardanyan kimi qatı                Azərbaycan - Türk düşmənini Xankəndində yerləşdirib. Onun vasitəsi ilə özünün təcavüzkar - imperialist planlarını həyata keçirməklə məşğuldur.
" Sülhməramlıların " gözü qarşısında Ermənistandan Qarabağa çoxlu silah - sursat, hərbi texnika, mina daşınır.
      Kimliyi şübhəli olan xarici vətəndaşlar Azərbaycan ərazisinə daxil olur. Onların nə gətirib nə apardıqları məlum deyil.
Erməni separatçıları qanunsuz olaraq Xankəndində hökumət - dövlət - nazir oyununu davam etdirirlər.
Soyuq hava şəraitinə baxmayaraq 40 günə yaxın müddətdə fədakarlıq göstərən ekofəallarımızın etiraz aksiyasını görməzdən gəlinir.
Avropanın bir çox dövləti ekoloji terrora yox deyən aksiyaçılarımızın etirazını "dinc, fağır " ermənilərin yolunu kəsən humanitar faciə kimi qələmə verirlər. Parlamentlərində Azərbaycan əlehinə sanksiya xarakterli qətnamələr qəbul edirlər.
       Göründüyü kimi Azərbaycanla Ermənistan arasında münaqişə davam edir.
Məhz bu reallığı nəzərdə tutaraq prezident İlham Əliyev demişdi :
" Müharibədə qələbə çalmışıq, lakin mübarizə davam edir ".
       HAQQ ƏDALƏT PARTİYASI
- Fəaliyyətində siyasi reallıqları nəzərə alır ;
- 22 fevral 2022 - ci il tarixində müttəfiqlik haqqında strateji dostluq AKT - na həm Azərbaycan həm də Rusiya dövlət başçılarının imza atdıqlarını xatırladır ;
- Azərbaycan Prezidentinin sözünə və imzasına hər zaman sadiq olduğunu Dünya İctimayyətinin diqqətinə çatdırır ;
- Rusiya Dövlət adamlarını da öz imzasına hörmət etməyə dəvət edir ;
Vətəndaşlarımızı, xüsusi ilə Siyasi partiyaları, Qeyri hökümət təşkilatlarını ( QHT ), Kütləvi İnformasiya ( KİV ) Vasitələrini Ölkəmizin siyasi - iqtisadi həyatının indiki gərgin mərhələsində Dövlətimizin yanında olmağa səsləyir.

HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri - Qəvami Sadıqbəyli
23 yanvar 2023 - cü il .