AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA - 22.12.2023

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA.

Möhtərəm cənab Prezident !

Sizi, Ad Gününüz münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm !

Möhtərəm cənab Prezident !

Siz, qısa illər ərzində ölkəmiz üçün tarixin ağır yükü olan, yüzilliklərin “Qarabağ Problemini’’ Azərbaycanın xeyrinə Şanlı Qələbə ilə sona çatdırmaqla həllinin mümkünlüyünə ümidini itirmiş xalqımızı böyük sevinc və xoşbəxtliyə qovuşdurdunuz! Dünyada mövcud olan çoxsaylı oxşar münaqişələrin həlli ilə onilliklərlə çarpışan böyük güclərə və siyasi liderlərə örnək oldunuz. Azərbaycan xalqına isə Sizi QARABAĞ FATEHİ adlandırmağa haqq qazandırdınız.
Siz, Ulu Öndərimiz Heydər Əliyevin inandığı qədər yüksəkliklərə ucala bildiniz və bu gün dünyanın ən nüfuzlu siyasi liderləri sırasındasınız, dünyada söz sahibisiniz.
2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri Azərbaycan tarixinə ZƏFƏR SEÇKİLƏRİ kimi həkk olunacaq, xalqımız və bütün dünya Sizin qazanacağınız parlaq qələbənizi haqqınız sayır.

Möhtərəm cənab Prezident !

Siz, Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yazırsınız. Böyük uğurlarınızla fəxr edir və qürur duyuruq. Sizi, Ad Gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və xalqımızın rifahı, ölkəmizin davamlı inkişafı yolunda gördüyünüz işlərdə böyük uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,
HƏP sədri Əli İnsanov.

22 dekabr 2023 - cü il.