HAQQ ƏDALƏT PARTİYASININ GENİŞ TƏRKİBDƏ İCLASI - 16.12.2023

HAQQ ƏDALƏT PARTİYASININ GENİŞ TƏRKİBDƏ İCLASI.


    Bu gün 2023-cü il dekabrın 16-da Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirildi.
İclasda İdarə Heyətinin üzvləri, HƏP Bakı şəhəri rayonları və Abşeron rayonu təşkilatlarının sədrləri, Respublika Regional Mərkəzlərin rəhbərləri (5 nəfər onlayn), HƏP Ali Məclisinin sədr müavinləri, HƏP Ali Məclisinin 14 komissiya sədrləri, HƏP Mərkəzi İcra Aparatının müavinləri, HƏP Sədrinin müşavirləri, Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Təşkilatının rəhbərləri və partiyanın aparıcı üzvləri iştirak edirdilər.
İclası giriş sözü ilə HƏP sədri Əli İnsanov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alınmışdır.
2023-cü il dekabrın 15-də hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin geniş iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının namizədliyi irəli sürülmüş və yekdilliklə qəbul edilmişdir.
   Bu gün biz HƏP İdarə Heyətinin geniş iclasında Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərara münasibət bildirməliyik.
Düşünürəm ki, 2022-ci il noyabrın 3-4-də HƏP İdarə Heyətinin geniş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının siyasətini dəstəkləyidiyimiz barədə verdiyimiz qərar və bəyanatın davamı olaraq bugünkü iclasda biz İlham Əliyev cənablarının keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük naliyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək.
Prezident İlham Əliyev Prezident seçilərkən xalqa verdiyi vədlərin hamısını yerinə yetirmişdir. Bu illər ərzində ölkədə güclü iqtisadiyyat yaradılmış, güclü qalib ordu qurulmuş və ən müasir silahlarla təchiz edilmiş, dünya ölkələrinin layiqli və etibarlı tərəfdaş kimi qəbul etdiyi lider ölkə formalaşmış, Prezident İlham Əliyevin özü isə dünyanın ən nüfuzlu siyasi liderlərinin sırasında layiqli yer tutmuşdur.
Prezident İlham Əliyev dünyanın güc mərkəzləri sayılan dövlətlərlə sıx əlaqələr yaradaraq, onlarla müttəfiqliyə və Azərbaycana dəstəklərinə nail olmuş, ölkəmizi regionun lider dövləti səviyyəsinə qaldırmış, özü isə dünya miqyasında söz sahibinə çevrilmişdir.
Prezident İlham Əliyev Silahları Qüvvələri Ali Baş Komandanı kimi Böyük Sərkərdəlik məharəti göstərərək xalqımızın 200 ildən bəri böyük probleminə çevrilmiş və həllinin mümkünlüyünə ümidlərin kəsildiyi "Dağlıq Qarabağ" problemini hərbi yolla həll edə bilmiş, Azərbaycanın işğal altında olan torpaqlarını azad, suverenliyimizi bərpa etmiş, dövlətçiliyimizi möhkəmləndirmişdir.
    Bu gün Azərbaycan xalqının haqqlı olaraq QARABAĞ FATEHİ adlandırdığı Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya çapında mübaliğəsiz deyə bilərik ki, ən yüksək reytinqə malik Prezidentdir.
2024-cü il fevralın 7-də keçirilən Prezident seçkiləri Azərbaycan tarixinə ZƏFƏR SEÇKİLƏRİ kimi həkk olunacaq.
    Bu seçkilər xalqımıza BÖYÜK BAYRAM sevinci yaşadacaq. Çünki, 30 il ərzində işğal altında olan doğma Qarabağ torpaqlarımızda separatçıların qurduqları qondarma rejimin qondarma qurumlara keçirdikləri seçkilərə görə Azərbaycan xalqı özünü təhqir olunmuş sayırdı. Heç bir dövlət və beynəlxalq qurum bu saxta seçkiləri qəbul etməsələr də, xalqımızda kədər və məyusluq yaradırdı.
Qarşıdan gələn Prezident seçkiləri məhz ona görə bayram əhvalı yaradacaq ki, azad olunmuş doğma Qarabağ torpaqlarımızda, yəni Respublikamızın bütün ərazisində ilk dəfə Azərbaycanın yaratdığı seçki məntəqələrində Azərbaycanın Dövlət Bayraqları dalğalanacaq, soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər.
    İclasda iştirak edən hər kəs, o cümlədən, iclasa onlayn qoşulan Moskvada yerləşən HƏP Rusiya Regional Mərkəzinin rəhbəri Nəriman Gülmalıyev, Naxçıvan Şəhər Təşkilatının sədri Əsgər Məmmədbəyli, Gəncə Regional Mərkəzinin rəhbəri Mayıl Vəliyev, bölgəyə ezam olunmuş HƏP Mərkəzi İcra Aparatı rəhbərinin müavini Elçin İsmayılov, Gəncə Regional Mərkəzi rəhbərinin müavini Səfər Bayramov, HƏP Şəmkir Rayon Təşkilatının sədri, Gəncə Regional Mərkəzi rəhbərinin müavini Dilqəm Əliyev, HƏP Mingəçevir Regional Mərkəzinin rəhbəri Rüstəm Dəmirov, HƏP Ucar Regional Mərkəzinin rəhbəri İlham Həsənov, HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri Azər Salmanov və HƏP Şəki Rayon Təşkilatının sədri Hacər Maqsudi Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qəbul etdiyi qərarı dəstəklədiklərini və seçkilərdə öz doğmaları ilə aktiv şəkildə iştirak edərək, İlham Əliyev cənablarının leyhinə səs verəcəklərini söylədilər.
    İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edildi.