QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA BÖYÜK QAYIDIŞ PROQRAMI PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLARININ DAVAMIDIR ! - 18.10.2023

QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA BÖYÜK QAYIDIŞ PROQRAMI PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLARININ DAVAMIDIR !

Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla xalqımızı 100 illiklərin həsrətinə qovuşdurdu.
Vətən müharibəsini Böyük Qələbə ilə başa çatdıran Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev həm də dünyada on illiklərlə davam edən oxşar münaqişələrin həlli üçün irili-xırdali bütün dünya dövlətlərinə və onların siyasi liderlərinə dərs vermiş oldu.
Bu Qələbə bütün dünyaya örnək olacaq, tarixi dərsliklərə düşəcək, geniş şərhlər veriləcək, kitablar yazılacaq, dünya ensiklopediyalarında öz yerini tutacaq, filmlər çəkiləcək və bütün bunların baş qəhrəmanı kimi Azərbaycana uzun illər uğurla rəhbərlik edən İlham Əliyevin adı çəkiləcək.
Vətən müharibəsini uğurla başa vurmuş Prezident İlham Əliyev artıq gecə-gündüz dünyanın gözü qarşısında erməni vandalları tərəfindən Xerosima və Naqasakiyə çevrilmiş Qarabağı yenidən qurmaqla məşğuldur. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda yollar çəkilir, infrastrukturlar qurulur, beynəlxalq hava limanları tikilir, müasir şəhər və kəndlər salınır. Bu işlərin görülməsi üçün hər ölkəyə nəsib olmayan çox böyük vəsaitlərə ehtiyac olduğu hər kəsə bəllidir. Prezident İlham Əliyev hakimiyyətə gəlişinin ilk anlarından hər şeyi düzgün hesablaya bilmişdi. Qüdrətli ordu yaratmaq və qələbədən sonra xarabazara çevrilmiş böyük bir ərazidə həyatı bərpa etmək üçün güclü iqtisadiyyata ehtiyac var idi.
İqtisadiyyatı gözəl bilən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizin bütün strukturlarını səfərbər edərək Azərbaycanın ümumdaxili məhsulunu bu illər ərzində 7 faizə qədər yüksəldərək nəinki keçmiş SSRİ məkanında, dünyanın əksər ölkələrində heç bir siyasi liderin nail ola bilmədiyi bu yüksəlişi əldə edə bilmişdir.
Bu gün Azərbaycanın Qarabağ İqtisadi Zonasında və Şərqi Zəngəzurda aparılan quruculuq və abadlıq işlərinin görülməsi, yardım üçün Azərbaycan heç bir ölkəyə müraciət etməmiş, yüksək iqtisadi potensialından bəhrələnərək bu böyük proqramları həyata keçirməkdədir.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 17-də ’’Füzüli günü’’ nə həsr edilmiş Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə tarixi bir görüş keçirmişdir.
Prezident çıxışının əvvəlində qeyd etmişdir ki, işğal dövründə bəziləri xüsusilə xaricdəki bir sıra dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil tam başqa bir tərzdə tərbiyə alacaq və artıq şəhərlərdə məskunlaşmış insanlar işğaldan azad olunmuş torpaqlara qayıtmağa meyilli olmayacaqlar. Ancaq bu gün biz təkcə yaşlı nəslin nümayəndələri deyil, gənc nəsil də öz dədə-baba yurdlarına qayıtmağa qərar verdiklərinin şahidi oluruq. Bu, Azərbaycan xalqının öz torpağına əbədi sevgisinin təzahürüdür. Erməni vandalları tərəfindən yerlə yeksan olunmuş Füzulinin yeni siması göz oxşayır. Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir. Ağdamda, Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu deyilənlər dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Yeni saldığımız şəhər və kəndlərdə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar və buranı ziyarət edən xarici vətəndaşlar bunu çox yüksək dəyərləndirirlər. Çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb.
Füzulidə birinci şəhərsalma layihəsini icra edirik və bizim bütün salacağımız yeni şəhərlərimiz də Füzuli şəhəri kimi olacaq. Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, Füzuli azad olunanda bir salamat bina olmadı ki, bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq - rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub.
Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. Onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdı. Sovet dövründə bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdü. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil bunu yaxşı bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə və ordusuna inanıb. Bunlar hamısı orta məktəb dərslikərində, tarixi kitablarda, çəkiləcək filmlərdə, rəssamların əsərlərində öz əksini tapmalıdır.
Uzun illər münaqişə ilə məşğul olanlar təkrarlayırdılar ki, münaqişənin hərbi yolu yoxdur və beləliklə də dünyanın bir sıra regionlarında olduğu kimi münaqişəni dondurmaq və həllini 10 illərlə uzatmaq istəyirdilər. Azərbaycan sübut etdi ki, güclü iqtisadiyyat və qüdrətli ordu yaradılarsa bu məsələni hərbi yolla da həll etmək olar.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ermənistan-azərbaycan münaqişəsi Azərbaycanın böyük qələbəsi ilə başa çatdı və Prezident İlham Əliyev dünya siyasi leksikonundan ‘’Qarabağ problemi‘’ ifadəsini birdəfəlik silib atmış oldu.
Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, işğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır, məşğulluq məsələləri ön plana çəkilməlidir. Dövlət bu işdə kənd əhalisinə hərtərəfli dəstək olacaq, texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələrlə onlara kömək edəcək.
Prezident İlham Əliyev qətiyyətlə söylədi ki, müəyyən müddətdən sonra Qarabağı Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevirəcək.
Prezident İlham Əliyev həmişə olduğu kimi bu dəfə də Əziz Şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etdi və bu günə görə bizim onlara borclu olduğumuzu söylədi. Dövlət nə qədər qüdrətli olsa da, qələbəni əldə edən əsgər və zabitlərdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. İnsanlar öz doğma torpaqlarına qayıdarkən, bu tarixi zəfərdə canlarını fəda etmiş Şəhidlərimizin ruhları şad olur. Döyüşdə xəsarət almış Qazilərimiz hər zaman dövlətin və xalqın diqqət mərkəzindədir.
Birinci Qarabağ müharibəsində 15000-ə yaxın Şəhid verdik, ancaq torpaqları da itirdik. İkinci Qarabağ müharibəsində isə əməliyyatlar elə planlaşdırıldı ki, itkilərin minimuma endirilməsinə nail ola bildik.
Prezident çıxışının sonunda qeyd etdi ki, biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar vətən, torpaq uğrunda fəda olmağa hazır idilər. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli bərabəri yoxdur.
Prezident İlham Əliyevin bu tarixi çıxışı görüş iştirakçıları tərəfindən dəfələrlə alqışlandı və onlarda böyük ruh yüksəkliyi yaratdı.

HƏP sədri Əli İnsanov.

18 oktyabr 2023-cü il.