ŞEYTANLA MÜQAVİLƏ QANLA İMZALANIR ! - 27.03.2023

2023-CÜ İL MAYIN 14-DƏ QARDAŞ TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK SEÇKİLƏRDƏ PREZİDENTLİYƏ NAMİZƏD HÖRMƏTLİ R.T.ƏRDOĞANA HAQQ ƏDALƏT PARTİYASININ DƏSTƏK BƏYANATI !

       Qardaş Türkiyə Cumhuriyyətində qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı Haqq Ədalət Partiyasının bütün üzvləri adından Türkiyəli qardaş və bacılarımıza müraciət etmək qərarına gəldik.
       Biz, qardaş ölkənin bütün seçicilərini ölkənin hazırki Prezidenti, Türk-İslam dünyasının lideri kimi qəbul edilən hörmətli Rəcəb Tayyib Ərdoğana səs verməyə çağırırıq.
       Qardaş Türkiyə Cumhuriyyətində Baş Nazir və Prezidentliyi dövründə ölkədə böyük iqtisadi sıçrayışlar əldə etmiş, Türkiyənin uzun illər ərzində xarici ölkələrdə və banklarda toplanmış böyük miqdarda borclarının qaytarılmasına nail olmuş, ölkənin inkişafına və sabitliyinə böyük zərbə vurmuş PKK terror təşkilatının fəaliyyətini iflic vəziyyətinə salaraq qarşısını almış, ölkənin müdafiə sənayesini inkişaf etdirərək ən müasir silahların, o cümlədən, çox böyük üstünlükləri ilə xarici analoqlarından seçilən sualtı-qayıq, tank, qırıcı döyüş təyyarəsi, pilotsuz ‘’Bayraktar’’ uçuş aparatları, helikopter (bununla Türkiyə dünyada helikopter istehsal edən 7 ölkədən biri oldu) və digər çoxsaylı ən müasir silahların istehsalına başlayaraq, xarici asılılıqdan Türkiyəni xilas etmişdir.
Prezident R.T.Ərdoğan Türkiyə iqtisadiyyatına önəmli təkan verərək meqa-tikinti layihələr həyata keçirmişdir. Bunların sırasında il ərzində 1 milyarda yaxın sərnişin daşıma gücünə malik olan İstanbul Hava Limanı, Asiyanı Avropa ilə birləşdirən sualtı boğaz keçidi, möhtəşəm körpülər, yollar, yüzlərlə fabriklər, təhsil ocaqları, xəstəxanalar, müasir elmi-tədqiqat mərkəzləri, elektromobil istehsal edən zavod, dünya bazarına geniş tələbatı olan günəş-elektrik batareyaları və sairə bu kimi layihələr dediklərimizə aiddir.
     Hörmətli R.T.Ərdoğan Türkiyə Cumhuriyyətinin Ali Baş Komandanlığı ilə bufer zonalar yaradaraq ölkə sərhədlərinin təhlükəsizliyini tam təmin etmiş və son iki onillik ərzində rəhbərliyi ilə aparılmış geniş sosial-iqtisadi islahatlar nəticəsində dövlət büdcəsini on dəfələrdə artırmağa nail olmuşdur.
Qardaş Türkiyənin iqtisadiyyatına güclü təkan verəcək dünya enerji təhlükəsizliyində önəmli rol oynayacaq, ölkənin nüfuzunu daha da artıracaq Qara Dənizdə kəşf olunmuş zəngin qaz yataqları da Cənab R.T.Ərdoğanın böyük iradəsi ilə onun prezidentliyi dövründə həll edilmişdir.
Bir sözlə Böyük Mustafa Kamal Atatürkün qurucusu olduğu Türkiyə Cumhuriyyətinin 100 illik yubileyi ərəfəsində qan bir - can bir Qardaş ölkənin dünyada super gücə çevrilməsi üçün hərtərəfli zəmin yaratmışdır.
     Qardaş ölkənin Prezidenti olaraq, Cənab R.T.Ərdoğan təkcə sözdə deyil, əməldə də qardaş Azərbaycan Türklərinin hər zaman yanında olmasını göstərmiş və on illərlə uzanan Dağlıq Qarabağ problemimizin həllində Azərbaycanın istədiyi kimi xalqımızın yanında olacağını bəyan etmiş və verdiyi sözə artıqlaması ilə əməl etmişdir.
     Bu gün, Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə çatmasında Prezident R.T.Ərdoğanın rolu danılmazdır. Prezidentlərimizin Şuşa Bəyannaməsini imzalamaları Azərbaycanın təhlükəsizliyinə çox ciddi qarantdır. Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi və yardımı liderlərimiz cənab İlham Əliyevlə, cənab Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə, bütün türk dünyasına liderlik etmələrindən, qarşılıqlı dəstəklərindən və qardaşlıq münasibətlərindən irəli gəlir ki, bu da Turan birliyinin yaranmasında müstəsna rol oynayır.
      44 günlük Qarabağ savaşında Qardaş Türkiyənin siyasi-diplomatik imkanlarını səfərbər edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun tarixi zəfərinin əldə olunmasında Prezident R.T.Ərdoğanın Qardaş dəstəyi unudulmazdır.
      1923-cü ilin yayında Türkiyə Cumhuriyyətinin böyük dövlətlərlə imzaladığı Lozanna Müqaviləsinin 100 illik vaxtı başa çatır. O müqaviləyə əsasən, Türkiyə 100 il ərzində təbii sərvətlərini çox az miqdarda çıxarıb, istifadə edə bilərdi. Dünyanın məşhur analitik mərkəzlərinin çıxardıqları nəticələrə görə belə hesab olunur ki, Lozanna Müqaviləsinin vaxtının bitməsi ilə Türkiyə 2023-cü ildən başlayaraq, öz yeraltı sərvətləri hesabına qısa zamanda dünyanın ən güclü iqtisadiyyatlarından birinə çevrilə bilər. Bizim fikrimizcə Türkiyənin tale yüklü yeni iqtisadi layihələrini güclü iradəyə, qətiyyətə və nəhayət bugünkü dünyamızda söz sahibi olan Prezident Rəcəb Tayyib Ərdoğan həyata keçirə bilər.
   
      Yuxarıda sadaladığımız səbəblər və şərtlər əsasında Azərbaycan xalqının tam əksəriyyəti kimi Haqq Ədalət Partiyasının bütün üzvləri də, cari il mayın 14-də keçiriləcək prezident seçkilərində Cənab Rəcəb Tayyib Ərdoğana mənəvi dəstək verdiyimizi bəyan edir və Qardaş Türkiyədəki bütün seçiciləri ona səs verməyə çağırırıq.
       Yaxın illərdə Türkiyə üçün həyati vacib olan təxirəsalınmaz layihələrin həlli üçün prezident seçkilərində Altılı Masanın namizədi olan Cənab Kamal Kılıçdaroğlunun təcrübəsi, beynəlxalq nüfuzu, iradəsi və Cənab Rəcəb Tayyib Ərdoğan qədər müstəqil olmaması bizdə böyük narahatçılıq yaradır.
       Belə bir deyim var : ‘’Şeytanla müqavilə qanla imzalanır.’’
       Şeytan, güc, pul, hakimiyyət və şöhrət vəd edir, ancaq əvəzində çox vacib olan nəyi və yaxud nələrisə alır.
Müvəqqəti uğurlara görə təkcə özümüz deyil, bizdən sonrakı nəsillər də cavab verməli olacaqlar. Bu həmişə belə olub və olacaqdır.
Sadəcə normal və sağlam düşüncəli insanlar bunu qabaqcadan görüb, həyatda gözübağlı şəkildə addımlamırlar.
      Böyük güclərdən asılı vəziyyətə düşəcək hakimiyyət Türkiyə Cumhuriyyətinin bugünkü müstəqilliyini və artan beynəlxalq nüfuzunu qoruyub saxlamaq və iqtisadi inkişafını təmin etmək iqtidarında ola bilməz. Ona görə də, Cənab R.T.Ərdoğanın təkrar prezident seçilməsi Türkiyə üçün həyati vacib məsələdir.
      Haqq Ədalət Partiyası olaraq, Türk dünyasının lideri və Qardaş Türkiyə Cumhuriyyətinin hazırki Prezidenti Hörmətli Rəcəb Tayyib Ərdoğana qarşıdakı prezident seçkilərində qələbə arzulayırıq !


Hörmətlə,
HƏP Sədri Əli İnsanov.

27 mart 2023-cü il.