QANLI YANVAR - 20.01.2023

     Bir gecənin tarixi Milli Dirəniş Günü ilə bağlı Haqq Ədalət Partiyasının sədri Akademik Əli İnsanov və Partiyanın rəhbər orqanları təmsilçilərinin iştirakı ilə dünən,2023-cü il yanvar ayının 19-da Şəhidlər Xiyabanında Qanlı 20 yanvar və Qarabağ Şəhidlərinin məzarları, Milli Qəhramanımız Salatın Əsgərovanın məzarını,1918-ci il sentyabrın 15-də paytaxtımız Bakı şəhərini menşevik-daşnak işğalından azad edərkən Şəhid olmuş Qafqaz-İslam Ordusunun əsgər və zabitlərinin şərəflərinə ucaldılmış abidəni böyük ehtiram və hörmətlə ziyarət etdik.
    HƏP İdarə Heyətinin bir üzvü olaraq ziyarət zamanı yaşadığım həyəcanı anlada bilmərəm. Axı o günlərlə, xüsusilə o gecə ilə bağlı anlarımı saymaqla bitirə bilməzdim.
    Hər Şəhidlər Xiyabanına gəldiyim zaman xatirələrim yenilənir, o həyəcanlı günlər, səs-küylər, hər an gələn bəd xəbərlər həyəcanımızı daha da artırırdı. Bir birlərini tanımayan insanlar bir yumruq kimi birləşmişdilər. Qara iblislə sarı şeytan can bir qəlibdə olub, bizlərə qanlı gecəni yaşatdılar. Həm bir jurnalist kimi, həm vətənpərvər bir türk qadını olaraq baş verən hadisələrə biganə qala bilməzdim. Xalqın arasında 24 saat dincəlmədən hər tərəfə qaçışan jurnalistlər, fotoqrafçılar, operatorlar əllərində kameralar tarixə işıq tutacaq əsərlər ortaya çıxartmağa çalışırdılar. Onların da əməyi unudulmazdır.
   Bəli, çox çətin, ağır bir gecə oldu o gecə... O zamanlar mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xarici Verilişlər bölümündə çalışırdım və son illərdə nələri yaşadığım və gördüklərim anbaan xəyalımdan keçdi.
   20 Yanvar 1990-cı il. Bir bəyanatın tarixi:
   O gün anaların fəryadı yeri göyü lərzəyə gətirmişdi. Xalq hər yerdə qatil ovuna çıxmışdı. Kimdən necə qisas alacağını, kimə necə cəza verəcəklərini bilmirdilər. Düşmənin gözü dönmüşdü. Qarşısına çıxanın göz yaşına baxmırdı.
   O gecə Rus tanklarından, silahlardan açılan atəşə məruz qalmış günahsız insanlarımızın qətliam gecəsi idi.
Yer - göy qan ağlayırdı. Ana-bacıların fəryadı, göz yaşları insanın qanını dondururdu. Gənclər şəhidlərin qanını yerdə qoymamaq üçün durmadan intiqam andı içirdilər. Yeni qətliamlar qapıda idi. Nə hikmətsə o gün sərt bir hava da vardı.
    Yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik Sovet Ordusu Bakı və Sumqayıt şəhərlərinə, eləcə də bir neçə rayonumuza yerləşdirilmişdi. Nəticədə 147 mülki şəxs qətlə yetirildi, 744 nəfər isə ağır xəsarət aldı ( Xarici İşlər Nazirliyinin məlumatı). Bu günədək itkin düşənlərdən, əsir götürülənlərdən hər hansı bir xəbər belə alınmadı.
    Hər kəsi düşündürən bir məsələ vardı. Rus ordusunu Azərbaycana kim dəvət etdi? Kim məmləkəti al qana buladı? Nədən oldu? Niyə oldu? Cavabsız qalan çox sual vardı. Nəyin bahasına olursa olsun baş verə biləcək kütləvi qırğının qarşısını vaxt itirmədən alınması lazım idi. Yoxsa, qiyamətin sonu olmazdı.
    O gün, yəni 20 Yanvar 1990- cı ildə, işdən çıxar - çıxmaz saat 16:00 - da Mərkəzi Komitənin önünə gəldim. Baş verən hadisələrlə bağlı durmadan anonslar verilirdi. Şəhəri əli silahlı gənclər qoruyurdu.
    O sıralarda qatil Marşal Dmitri Yazovun Azərbaycan SSR Ali Sovetinin binasında oturduğu anonsu verildi və qadınların ora gedilməsi təklif olundu. Bir ana olaraq övladlarının başına gətirilən oyunun hesabını sorma zamanı gəlmişdi.
    Axşama doğru idi. Ali Sovetin hər tərəfində əli silahlı rus əskərləri ilə dolu idi. Bizdən qapıya doğru gəlməməmizi, əks təqdirdə atəş ediləcəyi xəbərdarlığı verildi. Amma “qurd” ürəkli qadınlarımız Yazovu görmədən oradan uzaqlaşmayacağımızı bildirdikdən sonra ilk addım atıldı. Bir neçə dəqiqədən sonra onların sözcüsü Yazovun yalnız beş nəfəri qəbul edəcəyi xəbərini verdi. Qadınlar onun yanına yalnız ruscası cox yaxşı olan, tariximizi yaxşi bilən və tələblərimizi düzgün bir şəkildə çatdıra biləcək birilərinin o görüşdə iştirak etməsi qərarını verdilər və beləcə də aramızdan beş nəfər seçildi. Çox gözlədik. Həyacan artmışdı. Xanımlarımızın Yazovla görüşdüyü zaman ona ”Bu gərginliyin sonu fəlakətlə bitər, yalnız bizim deyil, sizin də gənclər ölür” demələri üzərinə Yazov “Unutmayın ki, bir Rus əskərinin yerinə on Azərbaycanlı gənci ölür” cevabını vermişdi. Lakin buna baxmayaraq qadınlar oranı tərk etmədilər. Səs - küy ətrafı bürüdü. Qorxmuşdum .Üzü dönmüşlər hər an atəş aça bilərdilər. Bu hadisənin əsl səbəbkarının Elmira Qafarova olduğunu və gəlmişkən ondan” bu hadisənin səbəbini soruşaq” dedikləri an sağ qapıya yanaşan maşından enən Elmira xanımı gördülər və həmən ona doğru yönəldilər.
    Onlar bağıraraq “ Kim Rus Ordusunu Azərbaycana çağırmış, kim imza atmış? Kim gənclərimizin ölümünə səbəb olmuşdur”” bu kimi suallarla onu əhatəyə almağa çalışdılar. Qorumalar çox çətinliklə Elmira Qafarovanı içəri saldılar. Onları sakitləşdirmək üçün əlimdən gələni etdim. Ayaq altında qalmışdım. Polis mənim həmən oradan uzaqlaşmamı istədi. Mən isə gedə bilməzdim. Elmira Qafarovanın köməkçisi Balaş Abbaszadə mənim orada yəni qapının önündə onu gözləməmi istəmişdi. Bir azdan gəldi və mənimlə bərabər beş qadının da içəri girməsini istədi. Beş nəfərlə bərabər Elmira xanımın yanında oldum. Sualların ardı - arası kəsilmirdi. O da səbirlə hadisələrə açıqlıq gətirməyə çalışırdı. Çarəsiz qaldığını və ev həpsində olduğunu, baş verən hadisələrdən acı çəkdiyini dilə gətirdi. Buna baxmayaraq yarana biləcək hər cür təhlükəni də göz önünə alaraq evdən ayrıldığını və bir azdan radiodan xalqa müraciət edəcəyini bildirdi.
15 - 20 dəqiqəlik bir söhbətdən sonra hər kəs oradan ayrıldı. Balaş bu dəfə də getməmi deyil, qalmamı istədi. O zaman Radionu rus əsgərləri zəbt etmişdilər.        Bir tək xarici verilişlər bölümü az işçisiylə işinin başında idi. Bu baxımdan yaşanacaq bu tarixi gecədə mənə böyük ehtiyac vardı. Elmira xanım Qafarovanı radioya götürmək üçün ön kəşfiyyata ehtiyac vardı. Başqa otaqda isə iki dildə oxunacaq Bəyanat hazırlanırdı.
    Bəyanatı Ali Sovetin məsul işçilərindən;
C. Nəcəfov, T.Teymurov, N.Sadıqov hazırlamışdı. Rəhmətlik Elmira Qafarova 20 Yanvar qətliamı ilə bağlı hazırlanan Moskvaya qarşı sərt cümlələrin işləndiyi bu Bəyanatın o dövr üçün çox mühüm yeri var idi və bu Bəyanat xalqı az da olsa sükunətə gətirə bilərdi.
Zaman itirmədən mən və Balaş həmən Televiziyaya yollandıq. Məqsədimiz “kəşfiyyat aparmaq” idi. Nəyin bahasına olursa olsun bu Bəyanat verilməli idi. Tərslikdən televiziya da çalışmırdı. 1990-cı il, Yanvar ayının 19-da, axşam saat 19:26 - da Azərbaycan Radio Televiziyasının Enerji Bloku Rusların Dövlət Təhlükəsizlik Təşkilatının Akfa Qrupu tərəfindən partladılmışdı. Bu ssenari əslində Rusların Əfqanıstanda törətdikləri ssenariyonun eynisi idi. Bir neçə əsgər cəddindən keçdikdən sonra radio qovşağında yerləşən, başda polkovnik Pankov olmaqla bir əsgər qrupu ilə görüşdük və gəlişimizin səbəbini bildirdik. Polkovnik izin olmadığını desə də oxunacaq Bəyanatın mətni ilə tanış olmaq istədi. Biz rusça mətni gizli tutduq və zamanımız olmadığından rusça tərcümə edə bilmədiyimizi bildirdik. Balaş mətində baş verəbiləcək qırğının qarşısını almaq üçün Azərbaycan Ali Sovetinin Sədri Elmira Qafarovanın xalqa müraciəti yer aldığını dedi. Pankov telefona sarıldı və Dubinyaka bəyanat haqqında məlumat verdi. Çox həyacanlı idik. Ətrafımız əsgərlərlə qaynayırdı. Gözümüz polkovnikin üzündə idi. Telefonu qapatdıqdan sonra bizə dönərək ”vaxtınız azdır tez gəlin.” dedi. Allah elə bir güc vermişdi ki, Ali Sovetə necə çatdığımızı bilmədik. Bilirdik ki, əgər onlar rusça mətni görsəydilər həyatda izin verməzdilər. Birbaşa efiri belə istədik. Band olsaydı sansur kəsip doğruyardı.( mən bunu çox yaşadım). Dönüşümüzdə hamımız həyəcanlı idik. Elmira xanımın qoluna girmişdım. Əlləri əsirdi. Əsgərlərlə yavaş bir səslə görüşdükdən sonra efir odasına daxil olduq. Elmira xanım Azərbaycan dilindəki mətnin Balaş tərəfindən oxunmasını istədiyi zaman Balaş “olmaz, xalq sizin səsinizi eşitmək istəyir” cavabını verdi .O zaman mənə dönərək Azərbaycan dilində çətinlik çəkəcəyini, ən yaxşısı əvvəlcə rusca oxumasını istədi. Mən də ona “məşq zamanı çox yaxşı oxuyurdunuz. Eləcə də ən yaxşısı Azərbaycan dilində başlayın daha sonra rusca oxuyarsınız” dedim. Qorxdum ki, əgər əvvəlcə rusca oxuyarsa           Azərbaycan dilinə keçdiyi zaman kəsərlər. Çox həyəcanlı idi. İnanın oturduğu yerdə dizləri əsirdi. Mən də qarşı tərəfə baxa bilmirdim. Əli silahli əsgərlər qarşımızda durmuşdular. Buz kimi gözləri üzümüzə tikilmişdi. O, oxuduqca mən də Allaha dua edirdim ki, Elmira xanım özünü itirməsin. Balaş o sırada həmən  Bəyanatın təqdimatını yazdı. Mən Azərbaycan dilində Balaş Abbaszadə isə Rus dilində elan edəcəkdi.
Bəyanatın anonsunu verdiyim an Elmira xanımın yaşadığı həyəcanı anlada bilmirəm.
    “Diqqət ! Diqqət !
     20 Yanvar 1990-ci il !
     Siz, Azərbaycan Respublikası Ali Sovetinin Sədri Elmira Qafarovanın Bəyanatını eşidəcəksiniz”
Bəyanatın sonunda isə “Siz Azərbaycan Respublikası Ali Sovetinin Sədri Elmira Qafarovanın Bəyanatını dinlədiniz!” cümlələri yer alırdı.
Bəyanatda yer alan bu cümlələr isə ”... Azərbaycan xalqı respublikanın bütün vətəndaşları adından Azərbaycan SSR-nin suverenliyinin kobudcasına pozulması və SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikanın paytaxtı Bakı şəhərində fövqalədə vəziyyət elan edilməsi ilə əlaqədar qəti etirazımı bildirirəm...” Bu Bəyanat Gorbaçov və Dubinyaka vurulan ən ağır sillə idi.
Ayrılarkən Elmira xanim Pankovdan necə olduğunu soruşduğu zaman verilən cavab məni heyrətə saldı. ”Necə yəni, siz necə olduğunu bilmədiniz mi?”
Bəlli ki, düşmənin çibanı dəlinmişdi. Koridoru keçdiyimizdə digər bölümdən Bəyanatın təkrarı verilrdi. Almanyanın “Azadliq” radiosundan Mirzə Xəzərin səsini eşitdik. Çox sevinmişdim. İçimdə qərib bir hiss vardı.Televiziyanın həyəti qaranlığa bürünmüşdü. Mən Elmira xanımın goluna girmişdim. Çox yavaş yeriyirdik. Yollar buz bağlamışdı. Yıxıla bilərdik. Onunla hadisələrlə bağlı düşüncələrimizi paylaşırdıq. Tam o sırada mən xanıma;” İstərsəniz Televiziyanın partladıldığı yerə də baxaq. Bu da Rus “qardaşlarımızın” bizə hədiyyəsi oldu” deyə təklif etdim. Polisimizin fənəri ilə yol azacıq aydınlandı. İnanın onun necə dərindən "Ah" çəkdiyinin şahidi oldum. Ətraf şüşə qırıqları ilə dolu idi. Çox üzülmüşdü. Oradan səssizcə ayrıldıq. Maşın onu qapıda gözləyirdi. Yola salarkən hara və necə gedəcəyimi soruşdu. Razinə ( indiki Bakıxanov qəsəbəsi) gedəcəyimi dediyim zaman; “Gecdir, gəl səni evinə buraxarlar” deyə təklif etdi. Mən qəbul etməyərək təşəkkürümü bildirdim. O da bir daha mənə ehtiyatlı olmağımı tövsiyə etdi. Heç kimsənin cürət edə bilmədiyini o, etdi. Bu Bəyanat M. Gorbaçova unutmayacağı Azərbaycan xalqı adına atılan bir sillə idi. Bu sillə dünyanı heyrətə salsa da əyilməz bir millətin cəsarətini ortaya qoydu.
     Elmira xanım Qafarovaya və bu Bəyanatın hazırlanmasında əməyi keçən hər kəsə həyatda yoxdularsa Allahdan rəhmət, yaşayırlarsa uzun ömürlər diləyirəm. O gecənin qurbanlarına, canlarından keçən cümlə şəhidlərimizə cənnəti məkan diləyirəm.
Tarix sizi unutmayacaq!
Son söz:
    Bəyanatda qeyd edilirdi ki, biz oğul və qızlarımızın günahsız yerə qətlə yetrilməsini heç vaxt, heç kimə bağışlamayacağıq. Qeyd edim ki, Elmira xanımın bəyanatı sovet rəhbərliyinin və ordu komandanlığının qəzəbini xeyli yatırdı və onları daha çox qırğınlar törətməkdən çəkindirdi. Çünki artıq bütün dünya Azərbaycan respublikasının əsas rəsmi şəxslərindən birinin adından Moskvanın Bakıya təcavüz etdiyini eşitdi...,

HƏP İdarə Heyətinin üzvü, HƏP Naxçıvan MR Regional Mərkəzinin sədri Nazilə Abbaslı.
20 yanvar 2023 - cü il.